SON DƏQİQƏ! Azərbaycanda məşhur müğənni həbs edildi (FOTO)
Sevgilisinin görüntülərini yayaraq onu şantaj edən gənc müğənni Sahil Naxçıvanlı həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Sahil Naxçıvanlı barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış cinayət işi ilə əlaqədar həbs edilib. Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə ona 3 il müddətinə həbs cəzası verilib.
Cinayət işinin araşdırılması zamanı məlum olub ki, S.Naxçıvanlı sosial şəbəkədə tanış olduğu və sevgi münasibəti yaşadığı qızdan hədə-qorxu ilə pul və qızıl alıb. Belə ki, o, bir neçə ay əvvəl tiktok sosial şəbəkəsində tanış olduğu Zərifə Xəlilova (şərti ad-soyadlı) adlı qızla münasibət qurub. Həmin vaxt onlar gecə saat 03 radələrində qızın ailəsinin Xırdalan şəhərində yaşadığı evin həyətindəki hamamda gizli görüşüblər. Bu zaman S.Naxçıvanlı qızla birgə görüntülərini çəkib.
Qızın evdən pul və qızılları gizlin götürməsi üzə çıxandan sonra valideynləri onun Sahil tərəfindən şantaj edildiyini öyrəniblər və polisə müraciət ediblər.
Qeyd edək ki, S.Naxçıvanlı sosial şəbəkələrdə aktiv müğənnilərdən olub. Onun ifa etdiyi mahnılar yutub platformasında onminlərlə baxış və izləyici toplayıb.