Azər Paşa Nemətovla vida mərasimi keçirilir - Fotolar
Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri və bir sıra tanınmışlar iştirak edirlər.
Qeyd edək ki, mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, Azər Paşa Nemətov aprelin 9-da 76 yaşında ürəktutmadan vəfat edib.
***
Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi Azər Paşa Nemətovla bağlı xatirələrini bölüşüb: “Azər Paşa yaxın dostum idi. 20 il idi ki, bir yerdə çalışırdıq. Hər tamaşanı hazırlayanda mənə zəng edib deyirdi ki, gəl musiqi sənlikdir. Azər Paşa ilə çox tamaşalarda işbirliyimiz oldu. Teatrda çox böyük yeniliklər etdi. Azərbaycan mədəniyyətinə böyük töhfələr verdi. Onu teatrın generalı hesab edirəm. Səhhətindən bir az narahat idi. Müəyyən problemləri var idi. İndi rahatdır”.
***
Xalq artisti Rasim Balayev də Azər Paşa Nemətovun vida mərasimində iştirak edib.
R.Balayev Xalq artisti ilə bağlı keçmişdə danışmağın çox çətin olduğunu bildirib: “Çox çətindir mənə danışmaq. Biz universitetdə bir yerdə oxumuşuq, gözəl münasibətlərimiz olub. Biz həmişə bir-birimizin uğurlarına sevinmişik. Bu yaxınlarda görüşmüşdük. Azər Paşa özü xəstə idi, amma bununla belə mənə deyirdi ki, gəl səni əməliyyat etdirim. Çox nikbin adam idi, hamını yola verirdi, hamını diqqətdə saxlayırdı, aktyorların əməyini qiymətləndirirdi. Arzuları çox idi. Təəssüf ki, arzularının gerçəkləşməsi haqqında fikirləşdiyi bir vaxtda, aramızdan getdi. Azər Paşanın vəfatı Azərbaycan sənəti üçün böyük itkidir”.