Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi (DSMF) iki ayrı satınalma çərçivəsində beynəlxalq standartlar üzrə sertifikasiya və genişmiqyaslı maliyyə auditinin həyata keçirilməsini planlaşdırır.
32gun.az xəbər verir ki, birinci satınalma DSMF üçün ISO 9001:2015 keyfiyyəti idarəetmə sistemi və ISO 37001:2016 korrupsiyaya qarşı idarəetmə sistemi üzrə təlim, audit, sertifikatlaşdırma və inspeksiya nəzarəti xidmətlərini əhatə edir. Bu xidmətlər üzrə ehtimal olunan qiymət 70 min manat müəyyən edilib.
Satınalma çərçivəsində ISO 9001:2015 standartı üzrə 11 nəfər üçün 5 günlük təlimlərin keçirilməsi, həmin standart üzrə sertifikatlaşdırma auditinin aparılması, eləcə də DSMF Aparatında və bir sıra struktur bölmələrində keyfiyyəti idarəetmə sisteminə 1-ci və 2-ci illər üzrə inspeksiya nəzarətinin həyata keçirilməsi nəzərdə tutulur. Bildirilir ki, bu mərhələlərdə ümumilikdə 351 nəfər əhatə olunacaq.
Eyni zamanda ISO 37001:2016 standartı üzrə mövcud sənədlərin ilkin auditi, sertifikatlaşdırma prosesi və sertifikatlaşdırmadan sonra 1-ci və 2-ci illərdə inspeksiya nəzarəti planlaşdırılır. Bu mərhələlərdə isə 2283 nəfərin əhatə olunması nəzərdə tutulur.
DSMF-in elan etdiyi ikinci satınalma isə 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi ilə bağlıdır. Bu xidmət üzrə ehtimal olunan qiymət 310.548 manat təşkil edir. Audit DSMF Aparatı ilə yanaşı, fondun digər struktur bölmələrinin də maliyyə hesabatlarını əhatə edəcək.
Məlumata görə, audit xidməti satınalma predmetinə dair tələblərdə qeyd olunan standart və metodologiyalara uyğun şəkildə həyata keçiriləcək.
Beləliklə, DSMF beynəlxalq idarəetmə standartlarının tətbiqi və maliyyə şəffaflığının təmin edilməsi məqsədilə ümumilikdə 380 min manatdan artıq vəsait həcmində satınalma prosedurları həyata keçirməyi planlaşdırır.
Ayaz