Arxivdə olan tarif bahalaşdı: Azercell müştərinin razılığı olmadan qiyməti artırıb?
Vətəndaş Azercell mobil operatorunun tətbiq etdiyi tarif siyasəti ilə bağlı narazılığını ictimailəşdirib.
32gun.az yazır ki, Şikayətçi bildirir ki, ona məxsus bir neçə nömrə hazırda “Azercellim” adlı tarifdədir və bu nömrələr ya ümumiyyətlə istifadə olunmur, ya da nadir hallarda işə salınır.
Məlumata görə, “Azercellim” tarifinin aylıq abunə haqqı uzun müddət 2 manat olub. Hazırda isə bu tarifə yeni qoşulma mümkün deyil – tarif rəsmi saytın arxiv bölməsində yerləşdirilib. Tarif çərçivəsində müştəriyə cəmi 25 dəqiqə şəbəkədaxili danışıq və 250 MB internet təqdim olunur ki, şikayətçi bunu faktiki olaraq istifadəsiz paket kimi dəyərləndirir.
Vətəndaş qeyd edir ki, nömrələrin bağlanmaması üçün hər ay balansına minimum 2 manat yükləyib. Lakin son yenilənmə zamanı tarifin qiymətinin xəbərdarlıq edilmədən 3 manat 89 qəpiyə qaldırıldığı məlum olub. Maraqlıdır ki, bu məbləğ həm iyul ayında, həm də hazırda Azercell-in saytında göstərilən tarif qiyməti ilə üst-üstə düşür və şikayətçi bununla bağlı skrinşotları da təqdim edib.
“Arxivdə olan tarifin qiyməti necə dəyişə bilər? Mən müqavilə əsasında 2 manatlıq tarifə qoşulmuşam. Mənim razılığım olmadan, heç bir rəsmi bildiriş göndərilmədən qiymətin artırılması nə dərəcədə qanunidir?” – deyə şikayətçi sual edir.
Onun sözlərinə görə, problem məbləğin böyüklüyündə deyil, müştəriyə qarşı münasibətdədir: “Bu, 1 manat 89 qəpik məsələsi deyil, bu açıq-aşkar müştəri saymazlıqdır.”
Narazı müştəri bildirib ki, artıq əvvəlki kimi hər ay deyil, 4 ayda bir 3.89 manat yükləyəcək: “Yetər ki, nömrə bağlanmasın. Hətta xətt bağlı vəziyyətdə qalsa da olar.”
Məsələ ilə bağlı Azercell şirkətinin rəsmi mövqeyini öyrənmək mümkün olmayıb.
Qeyd: Şikayət Fərid Rüstəmov adlı istifadəçi tərəfindən paylaşılıb.
Ayaz