Statinlərin bəzi dərmanlar və qreypfrutla birlikdə qəbulu təhlükə yarada bilər
Statinlərin bir sıra göbələk əleyhinə preparatlar, antibiotiklər, immunosupressantlar və hətta qreypfrutla birlikdə qəbulu əzələ fəsadları riskini kəskin artıra bilər.
32gun.az bildirir ki, Bu barədə The Conversation nəşrinə Kingston Universitetinin farmasevtik praktika üzrə baş müəllimi Dipa Kamdar məlumat verib.
Onun sözlərinə görə, statinlər ümumilikdə təhlükəsiz və yaxşı öyrənilmiş dərmanlar hesab edilsə də, digər preparatlarla qarşılıqlı təsiri çox vaxt lazımi qədər nəzərə alınmır. Xüsusilə simvastatin və atorvastatin qəbul edənlər ehtiyatlı olmalıdır. Çünki bu dərmanlar qaraciyərdə CYP3A4 fermentinin iştirakı ilə parçalanır.
Fermentin fəaliyyəti bloklandıqda statinlərin qanda səviyyəsi yüksələ bilər. Nəticədə əzələlərlə bağlı yan təsirlərin — ağrı və zəiflikdən tutmuş nadir, lakin təhlükəli olan rabdomiolizədək — yaranma riski artır.
Statinlərin metabolizmini pozan preparatlar sırasında ketokonazol kimi göbələk əleyhinə dərmanlar, eritromisin daxil olmaqla bəzi antibiotiklər, siklosporin kimi immunosupressantlar, eləcə də ürək dərmanları — amiodaron və diltiazem göstərilir.
Kamdar bildirir ki, bu dərmanlar qaraciyərdə eyni ferment sistemləri uğrunda “rəqabət” aparır və nəticədə statinlər orqanizmdə yığılmağa başlayır.
Mütəxəssisin sözlərinə görə, qida məhsulları da rol oynaya bilər. Qreypfrut bağırsaqda CYP3A4 fermentini bloklayan maddələr ehtiva edir və bu da qana gözləniləndən daha çox statinin daxil olmasına səbəb olur. Bu təsir bütün statinlərdə eyni olmasa da, bəziləri üçün klinik baxımdan əhəmiyyətlidir.
Bununla belə, ekspert vurğulayır ki, ciddi ağırlaşmalar nadir hallarda rast gəlinir. Əzələ simptomlarının həqiqətən statinlərlə bağlı olma ehtimalı 10 faizdən azdır, rabdomioliz isə milyonda cəmi bir neçə insanda inkişaf edir. Müalicə fonunda bəzən müşahidə olunan qanda qlükozanın cüzi artımı da infarkt və insult riskinin azalması ilə müqayisədə statinlərin faydasını üstələmir.
Ayaz