“Hər şeyə yetişmək” sindromu: niyə daim tələsirik və bunun görünməyən fəsadları
Müasir insanın gündəlik həyatını bir cümlə ilə ifadə etsək, yəqin ki, bu belə olar: “Vaxtım yoxdur.” Səhər yuxudan tələsik oyanırıq, işə, dərsə, görüşlərə gecikməmək üçün qaçırıq, gün ərzində saysız-hesabsız mesajlara cavab verir, sosial şəbəkələrdə aktiv olmağa çalışırıq. Günün sonunda isə yorğunluq və narahatlıq hissi ilə baş-başa qalırıq. Psixoloqlar bu vəziyyəti şərti olaraq “hər şeyə yetişmək sindromu” adlandırırlar. Bu sindrom insanın eyni vaxtda hər sahədə mükəmməl olmağa, heç nəyi qaçırmamağa çalışması ilə xarakterizə olunur və getdikcə daha geniş yayılır.
Daim tələsməyin səbəbləri nədir?
Mütəxəssislərin fikrincə, bu sindromun formalaşmasında bir neçə əsas amil rol oynayır. İlk növbədə informasiya bolluğu və sosial şəbəkələr diqqət mərkəzindədir. İnsanlar başqalarının “ideal” həyatını gördükcə, onlardan geri qalmamaq qorxusu yaşayır. Digər tərəfdən, sürətli həyat ritmi, yüksək iş tələbləri və iqtisadi təzyiqlər də insanı daim hərəkətdə olmağa məcbur edir. Nəticədə istirahət, sakitlik və özünə vaxt ayırmaq lüks kimi qəbul edilir.
“Bu, gizli stress mənbəyidir”
Psixoloq Leyla Qasımova 32gun.az-abildirir ki, “hər şeyə yetişmək” sindromu əslində xroniki stressin bir formasıdır:
“İnsan davamlı olaraq ‘daha çox etməliyəm’ düşüncəsi ilə yaşayanda beyin heç vaxt tam rahatlanmır. Bu, zamanla əsəbilik, diqqət dağınıqlığı və emosional tükənmişlik yaradır. İnsan düşünür ki, dayanarsa, nəyisə itirəcək. Halbuki bəzən dayanmaq psixoloji sağlamlıq üçün zəruridir. Bu sindrom uzun müddət davam etdikdə yuxu pozuntuları, özünə inamsızlıq və hətta depressiv əlamətlər ortaya çıxa bilər".
Sosioloq baxışı: “Cəmiyyət tələskənliyi normaya çevirib”
Sosioloq Rauf Məmmədov isə problemin sosial tərəfinə diqqət çəkir:
“Bu gün cəmiyyətdə çox məşğul olmaq uğurun göstəricisi kimi təqdim olunur. İnsan ‘vaxtım yoxdur’ deyəndə sanki dəyərli görünür. Bu yanaşma tələskənliyi normallaşdırır və insanlar istəmədən bu yarışa qoşulurlar. Bu sindrom xüsusilə gənclər arasında daha güclüdür, çünki onlar həm karyera qurmaq, həm də sosial baxımdan aktiv qalmaq məcburiyyəti hiss edirlər".
Mütəxəssislər qeyd edirlər ki, bu sindromdan xilas olmağın əsas yolu prioritetləri düzgün müəyyənləşdirməkdir. Hər işə eyni dərəcədə önəm vermək mümkün deyil. Vaxtın planlaşdırılması, “yox” deməyi bacarmaq və sosial şəbəkələrlə məsafəni qorumaq psixoloji yükü xeyli azalda bilər. Ən əsası isə insan özünü başqaları ilə deyil, özü ilə müqayisə etməlidir.
Nəticə etibarilə, “hər şeyə yetişmək” sindromu müasir dövrün səssiz problemlərindən biridir. Daim tələsmək bizi daha uğurlu deyil, daha yorğun edir. Bəzən hər şeyə yetişmək əvəzinə, özümüzə yetişmək daha vacibdir.
Nilay