Yaponiyalı alimlər müəyyən ediblər ki, orqanizmdə iltihabi proseslərlə depressiya, təşviş, yorğunluq və somatik şikayətlər kimi psixoloji əlamətlər arasındakı əlaqə insanın fərdi xüsusiyyətlərindən ciddi şəkildə asılıdır.
Emosiyaların zəif tənzimləndiyi və yuxu keyfiyyətinin aşağı olduğu insanlarda bu əlaqə daha güclü müşahidə olunur. Əksinə, keyfiyyətli yuxu və inkişaf etmiş emosional nəzarət bacarıqları bu təsirləri zəiflədir, bəzi hallarda isə tamamilə aradan qaldırır.
32gun.az yazır ki, Araşdırma Brain, Behavior, & Immunity – Health (BB&I) jurnalında dərc olunub.
İltihab immun sisteminin zədələnməyə və təhlükəyə verdiyi təbii reaksiyadır. Qısa müddətdə bərpaedici rol oynasa da, xroniki sistemli iltihab uzun müddət davam edərək müxtəlif xəstəliklərlə, o cümlədən psixi pozuntularla əlaqələndirilir. Əvvəlki tədqiqatlarda qanda C-reaktiv zülal və sitokinlər kimi iltihab göstəricilərinin yüksək səviyyələri depressiya, təşviş və xroniki yorğunluqla əlaqələndirilmişdi.
Kaо Yamaokanın rəhbərlik etdiyi tədqiqat qrupu iltihabın niyə hər insanda eyni psixoloji əlamətlərlə müşayiət olunmadığını araşdırıb. Alimlər emosiyaların tənzimlənməsi, bədən siqnallarının qavranılması və yuxu keyfiyyətinin bu prosesdə həlledici rol oynaya biləcəyini irəli sürüblər.
Araşdırmada 30–59 yaş arası 155 sağlam könüllü iştirak edib. Onlar emosional tənzimləmə, yuxu keyfiyyəti, yorğunluq səviyyəsi, depressiya və təşviş əlamətləri, stress reaksiyaları və mədə-bağırsaq daxil olmaqla somatik şikayətləri qiymətləndirən sorğuları doldurublar. Eyni zamanda iltihab göstəricilərini ölçmək üçün iştirakçılardan qan nümunələri götürülüb.
Nəticələr göstərib ki, zəif yuxu və emosional nəzarət fonunda iltihab səviyyəsinin artması daha güclü yorğunluq, depressiv və təşviş simptomları, həmçinin bədən narahatlıqları ilə əlaqəlidir. Yuxu keyfiyyəti yüksək və emosiyalarını effektiv idarə edən insanlarda isə bu əlaqələr xeyli zəifləyib və ya ümumiyyətlə müşahidə olunmayıb. Bəzi hallarda iltihab göstəriciləri yüksək olsa belə, subyektiv hal pisləşməyib.
Bədənin daxili siqnallarını tanıma qabiliyyətinin (interosepsiya) təsiri daha zəif olub və konkret şəraitdən asılı dəyişib. Alimlərin fikrincə, bu amil yuxu və emosional tənzimləmə ilə müqayisədə daha mürəkkəb rol oynayır.
Tədqiqatçılar vurğulayırlar ki, iltihab özü-özlüyündə psixi vəziyyətin pisləşməsinə mütləq səbəb olmur. Onun təsiri böyük ölçüdə fərdi psixoloji və davranış faktorları ilə müəyyənləşir. Nəticələr göstərir ki, keyfiyyətli yuxu və emosional dayanıqlıq xroniki iltihabın mənfi psixofizioloji təsirlərinə qarşı mühüm qoruyucu amillər ola bilər.
Nilay