DÜNYA ÖZ XƏBƏR

Niderlandda dəhşətli hadisə: İçində üç uşaq olan avtomobil oğurlandı

Niderlandda bir kişi içində üç azyaşlı uşaq olan avtomobili qaçırıb.

32gun.az bildirir ki, hə adisə ilə bağlı NL Times nəşri məlumat yayıb.
Bildirilib ki, 20 dekabr, şənbə günü Niderlandın Breda şəhərində naməlum şəxs Avstriyaya istirahətə getməyə hazırlaşan ailəyə məxsus BMW markalı avtomobili oğurlayıb. Avtomobilin mühərriki işlək vəziyyətdə olduğu halda, salonda 4, 6 və 10 yaşlı üç uşaq əyləşirmiş. Valideynlər isə cəmi bir neçə dəqiqəlik evin qapısını bağlamaq üçün kənara çəkiliblər.
Avtomobilin hərəkət etdiyini görən valideynlər dərhal başqa maşınla oğrunun arxasınca düşüblər. Oğru təxminən 700 metr irəlilədikdən sonra avtomobili saxlayaraq uşaqları zorla küçəyə atıb. Xoşbəxtlikdən uşaqlar xəsarət almayıb, yalnız böyük qorxu keçiriblər.
Uşaqlardan birinin atası bildirib ki, şübhəli şəxs onun qızını qəsdən avtomobilin qarşısına ataraq yolu bağlamağa çalışıb.
Bir neçə saat sonra ailəyə Belçikadan zəng olunub. Avtomobilin içində unudulmuş iPad vasitəsilə BMW-nin yeri müəyyən edilib. Belçika polisi təqib əməliyyatı keçirərək 36 yaşlı, daimi yaşayış yeri olmayan, əvvəllər də cinayət törətmiş şəxsi saxlayıb.
Hazırda şübhəli şəxs həbsdədir və Niderlanda ekstradisiyası gözlənilir. Polis bildirir ki, avtomobili qaçıran şəxs vəziyyətdən fürsət kimi istifadə edib və uşaqlara qəsdən zərər vermək niyyəti olmayıb.

Ayaz 

Oxşar Xəbərlər