AZAL-a sərnişin etirazı: tələbə övladının uçuşu son anda ləğv edildi
Azərbaycan Hava Yolları (AZAL) ilə bağlı sosial şəbəkələrdə sərnişin narazılığı yayılıb.
32gun.az xəbər verir ki, Şikayətçi valideyn bildirir ki, Türkiyədə təhsil alan tələbə övladı üçün 10 yanvar tarixində saat 14:00-a AZAL-dan təyyarə bileti alınıb. Lakin 9 yanvar axşamı saat 18:30 radələrində AZAL əməkdaşları tərəfindən zəng edilərək, sözügedən uçuşun təmin edilə bilməyəcəyi, yalnız gecə saat 23:00-da uçuşun mümkün olduğu bildirilib.
Maraqlı məqam ondan ibarətdir ki, valideynin sözlərinə görə, həmin gün saat 14:00-da olan uçuş baş tutub, eyni reys üçün birlikdə bilet alınan digər sərnişinlər problemsiz şəkildə Azərbaycana gəliblər. Yalnız tələbə övladının bileti birtərəfli qaydada dəyişdirilib.
Şikayətdə qeyd olunur ki, tələbənin 10 yanvar tarixində ölkədə olması vacib olub və bu səbəbdən valideynlər təklif olunan gecə reysi ilə razılaşmayıblar. Buna baxmayaraq, AZAL tərəfindən hər hansı alternativ həll yolu təqdim edilməyib.
“Biz bunun müştəri hüquqlarının kobud şəkildə pozulması olduğunu bildirdik və şikayət edəcəyimizi dedik. Cavab olaraq yalnız biletin pulunun qaytarılacağını söylədilər. Bu isə absurddur, çünki bilet əvvəlcədən alınıb və hazırkı qiymətlərlə yenidən bilet almaq xeyli baha başa gəlir”, – deyə valideyn narazılığını bildirib.
Şikayətçi ailə yaranmış vəziyyətin əsəb gərginliyi və çıxılmaz durum yaratdığını qeyd edərək, məsələnin ictimailəşdirilməsini vacib hesab edib.
Ayaz