Sosial şəbəkələrdə “ideal həyat” illüziyası: Görünən parıltının görünməyən psixoloji təsirləri
Son illər sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Instagram, TikTok, Facebook kimi platformalarda paylaşılan “mükəmməl həyat” görüntüləri — bahalı səyahətlər, ideal bədən ölçüləri, daimi xoşbəxtlik, uğurlu karyera — xüsusilə yeniyetmələr və gənclər üçün cəlbedici bir standart yaradır. Bu paylaşımlar çox vaxt filtr, seçilmiş kadrlar və diqqətlə qurulmuş ssenarilər üzərində qurulsa da, izləyicidə real həyatın da belə olması gərəkdiyi düşüncəsini formalaşdırır. Nəticədə insanlar öz gündəlik problemlərini, maddi çətinliklərini və emosional eniş-yoxuşlarını bu “parlaq vitrin”lə müqayisə edir və özlərini natamam, uğursuz hiss etməyə başlayırlar.
Psixoloqlar bildirirlər ki, sosial müqayisə mexanizmi insan təbiətinin bir hissəsidir. Lakin sosial şəbəkələr bu müqayisəni davamlı və nəzarətsiz hala gətirir. İnsan real həyatda bir neçə nəfərlə özünü müqayisə etdiyi halda, sosial mediada yüzlərlə, minlərlə “ideal obraz”la üz-üzə qalır. Bu isə zamanla özünəinamın azalmasına, narahatlıq, depressiv əlamətlər və hətta sosial təcrid hissinə səbəb ola bilər. Xüsusilə “hamı xoşbəxtdir, bir mən deyiləm” düşüncəsi psixoloji yükü daha da artırır və insanı səssiz daxili təzyiq altında saxlayır.
Psixoloq Nərmin Əliyeva mövzu ilə bağlı 32gun.az bildirir ki, sosial şəbəkələrdə təqdim olunan “ideal həyat” anlayışı reallığı əks etdirmir və bu, ciddi psixoloji risklər yarada bilər:
“İnsanlar sosial mediada başqalarının həyatının yalnız ən yaxşı anlarını görür. Heç kim uğursuzluğunu, yorğunluğunu, ailədaxili problemlərini və ya psixoloji çətinliklərini paylaşmaq istəmir. Amma izləyici bu seçilmiş görüntüləri tam həyat kimi qəbul edir. Bu zaman ‘məndə niyə belə deyil?’ sualı yaranır və özünü dəyərsiz hiss etmə prosesi başlayır.”
Ekspertin sözlərinə görə, bu təsir xüsusilə yeniyetmələrdə daha güclü olur:
“Yeniyetməlik dövrü şəxsiyyətin formalaşdığı həssas mərhələdir. Sosial şəbəkələrdə gördükləri ‘ideal bədən’, ‘ideal münasibət’ modelləri onlarda real olmayan gözləntilər yaradır. Bu gözləntilərə çata bilmədikdə isə özünüqınama, utanc və cəmiyyətdən geri çəkilmə halları müşahidə olunur.”
Nərmin Əliyeva hesab edir ki, problemin həlli sosial mediadan tam uzaqlaşmaq deyil, düzgün istifadə vərdişlərinin formalaşdırılmasıdır:
“İnsanlar anlamalıdır ki, sosial şəbəkə real həyatın güzgüsü deyil, vitrinidir. Vaxt məhdudiyyəti qoymaq, izlənilən kontenti şüurlu seçmək və real həyatda sosial münasibətləri gücləndirmək psixoloji sağlamlıq üçün vacib addımlardır. Ən önəmlisi isə, hər kəsin həyat yolunun fərqli olduğunu qəbul etməkdir.”
Bu baxımdan, sosial şəbəkələrdə gördüyümüz “ideal həyat” görüntülərinə tənqidi yanaşmaq və öz real həyatımızın dəyərini azaltmamaq psixoloji balansın qorunmasında əsas rol oynayır.
Nilay ÖzSöz