DİGƏR ÖZ XƏBƏR

Piylənməsi olan şəxslərdə onkoloji xəstəliklərə tutulma riski daha yüksəkdir

Piylənmədən əziyyət çəkən insanlar normal bədən çəkisinə malik şəxslərlə müqayisədə onkoloji xəstəliklərə daha tez-tez tutulurlar.

32gun.az xəbər verir ki, Bu barədə Seçenov Universitetinin mətbuat xidməti TASS-a məlumat verib.
Bildirilib ki, Poliklinik terapiya klinikasında 2021-ci ildən etibarən onkoloji xəstəliklərlə piylənmə arasındakı əlaqələr araşdırılır. Pasiyentlərin uzunmüddətli müşahidələri nəticəsində piylənmə ilə müxtəlif patologiyalar arasında yüksək korrelyasiya müəyyən edilib.
Alimlərin qənaətinə görə, “qadın tipli piylənmə” yüksək kardiometabolik risklər yaratmır. Lakin abdominal (qarın nahiyəsi) piylənmə ciddi ürək-damar, metabolik və onkoloji risklərlə müşayiət olunur. Eyni zamanda, piy toxumasının artması ilə yanaşı əzələ kütləsinin və gücünün azalması ilə xarakterizə olunan piylənmə forması olan bəzi pasiyentlərdə risklər bədən kütlə indeksindən asılı olmayaraq yüksəlir.
Araşdırmalar göstərib ki, piylənmənin ikinci və üçüncü dərəcəsinə malik, lakin xroniki xəstəliklərini effektiv şəkildə nəzarətdə saxlayan şəxslərdə xərçəngə tutulma faizi nisbətən aşağıdır. Bununla belə, abdominal piylənmənin 10 ildən çox davam etməsi və metabolik sindromun iki və ya daha çox komponenti ilə birlikdə müşahidə olunması xərçəng riskini dəfələrlə artırır.
Seçenov Universitetinin Poliklinik terapiya kafedrasının müdiri Mixail Osadçukun sözlərinə görə, ən yüksək risk qrupuna 10 ildən artıq abdominal piylənməsi olan, metabolik sindromun iki və daha çox əlamətinə malik, irsi meyilliliyi olan, arterial təzyiq, xolesterin və qlükoza səviyyəsinə nəzarət etməyən, həmçinin digər xəstəliklər üzrə davamlı dərman müalicəsi aparmayan pasiyentlər daxildir.
Qeyd edək ki, bundan əvvəl Karolinska İnstitutunun alimləri analizlərdə müəyyən edilən yeddi markerin yaşlı insanlarda bir neçə xroniki xəstəliyin eyni vaxtda nə vaxt və hansı sürətlə inkişaf edəcəyini proqnozlaşdırmağa imkan verdiyini açıqlamışdı.

Ayaz 

Oxşar Xəbərlər