Rusiya millisinin baş məşqçisi Valeri Karpin komandanın 2026-cı il futbol üzrə dünya çempionatına xüsusi dəvət əsasında qatılacağı barədə yayılan məlumatlara münasibət bildirib.
32gun.az bildirir ki, məsələ ilə bağlı “Matç TV” məlumat yayıb.
Karpin qeyd edib ki, bu mövzu hələlik yalnız şayiə səviyyəsindədir və heç bir rəsmi qərar yoxdur:
“Həyatda hər şey mümkündür. Əgər bizi yarışa buraxsalar, biz onsuz da hazırlaşırdıq, yəni heç nə köklü şəkildə dəyişməyəcək,” – deyə məşqçi bildirib.
O, vurğulayıb ki, yığma komanda beynəlxalq turnirlərə buraxılıb-buraxılmamasından asılı olmayaraq, əvvəlcədən müəyyən edilmiş plan üzrə məşqləri davam etdirir. Onun sözlərinə görə, futbolçuların münasibəti yalnız rəsmi turnirlərə qayıdış halında dəyişə bilər, lakin hazırda hazırlıq prosesi adi rejimdə — müxtəlif səviyyəli komandalarla yoxlama oyunları da daxil olmaqla — davam etdirilir.
Xatırladaq ki, 2022-ci ilin fevralında FIFA və UEFA Rusiya millisinin və klub komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılması barədə qərar qəbul etmişdi. Bununla əlaqədar olaraq, Rusiya klublarına Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında çıxış etməyə, yığmaya isə 2022-ci il dünya çempionatının seçmə mərhələsində iştirak etməyə icazə verilməmişdi.
Ayaz