DÜNYA ÖZ XƏBƏR

Londonun şərqində kanalizasiya borularında 100 tonluq “yağ dağı” aşkarlanıb

Londonun şərqində kanalizasiya borularında 100 tonluq “yağ dağı” aşkarlanıb

Londonun şərq hissəsində aparılan təmir işləri zamanı işçilər kanalizasiya borularında nəhəng yağ yığını aşkar ediblər. Bu barədə LBC radiostansiyası məlumat yayıb.

32gun.az bildirir ki, Thames Water şirkətinin verdiyi məlumata görə, aşkarlanan yağ yığınının çəkisi təxminən 100 ton, uzunluğu isə 100 metrdir.

Sözügedən kütlə əsasən yemək bişirildikdən sonra qalan yağ və yağlar, sürtkü materialları, eləcə də salfetlərdən ibarət olub.
Şirkətdə bu “yağ dağı”nı 2017-ci ildə Uaytçepel rayonunda tapılan oxşar nəhəng yığının “nəvəsi” adlandırıblar. Həmin vaxt aşkar edilən yağ yığınının uzunluğu 250 metr, çəkisi isə 130 ton olmuşdu.
Qeyd edək ki, bu ilin fevral ayında Avstraliyanın cənub-qərbində yerləşən Pert şəhərində kanalizasiya problemi səbəbindən kanadalı rok musiqiçisi Brayan Adamsın konserti ləğv edilib.
Məlumata görə, ifaçının çıxışı 9 fevral axşamı RAC Arenada baş tutmalı idi. Lakin ərazidə yaranan iri yağ yığını səbəbindən kanalizasiya sistemi sıradan çıxıb və hakimiyyət orqanları konsert məkanına girişin təhlükəsiz olmadığını elan ediblər.

Ayaz 

Oxşar Xəbərlər