Milli Məclisin bu gün keçirilən iclasında “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində qəbul edilib.
32gun.az xəbər verir ki, qanun layihəsinə əsasən, minatəmizləmə prosesində heyvanlardan da istifadə olunması hüquqi əsas qazanıb. Belə ki, partlayıcı sursatların aşkarlanması məqsədilə heyvanlar standart əməliyyat prosedurlarına uyğun şəkildə cəlb ediləcək.
Sənəddə Şuşa şəhərinin ərazisində aparılacaq minatəmizləmə işləri ilə bağlı xüsusi tələblər də əksini tapıb. Tarixi və arxeoloji əhəmiyyət daşıyan ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun nümayəndəsinin iştirakı ilə həyata keçiriləcək. Bu zaman ərazi əvvəlcədən baxışdan keçiriləcək və mövcud abidələrin ilkin tədqiqi təmin olunacaq.
Qanuna görə, Şuşa şəhəri ərazisində minatəmizləmə zamanı hər hansı abidə aşkar edilərsə, işlər dərhal dayandırılmalı və bu barədə aidiyyəti quruma məlumat verilməlidir. İşlərin davam etdirilməsi ilə bağlı qərar isə yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Ayaz