ABŞ xüsusi təyinatlılarının Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməsindən sonra ölkədə müvəqqəti prezident səlahiyyətlərini icra etməyə başlayan Delsi Rodriges Venesuelada “çariça” və “pələng” ləqəbləri ilə tanınır.
32gun.az bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Rodrigesə “çariça” ləqəbi ölkədəki güclü siyasi təsirinə görə verilib. “Pələng” adını isə ona şəxsən Nikolas Maduro sosialist hökumətinin qorunmasına verdiyi töhfələrə görə taxıb.
Delsi Rodriges hüquq təhsili alıb. Təhsilini başa vurduqdan sonra doqquz il Fransa və Böyük Britaniyada yaşayıb. Müxtəlif illərdə Venesuelanın xarici işlər naziri və kommunikasiya naziri vəzifələrində çalışıb. 2018-ci ildə vitse-prezident təyin olunan Rodriges paralel olaraq İqtisadiyyat və Maliyyə Nazirliyinə, eləcə də Neft Nazirliyinə rəhbərlik edib.
Vitse-prezident olduğu dövrdə Rodriges dövlət xərclərinin azaldılması, inflyasiya ilə mübarizə və kreditlərin məhdudlaşdırılmasını nəzərdə tutan ənənəvi iqtisadi siyasət həyata keçirib. Reuters-in diqqət çəkdiyi məqama görə, o, Venesuela hakimiyyətinin digər nümayəndələrindən daha çox Rusiya, Çin və Türkiyəyə səfərlər edib.
Delsi Rodriges Milli Assambleyanın sədri olan qardaşı Xorxe Rodrigeslə sıx əməkdaşlıq edir. Onların atası Xorxe Antonio partizan olub və inqilabi Sosialist Liqanı yaradıb. Nikolas Maduro onu Venesuela sol hərəkatının qəhrəmanı adlandırıb.
Xatırladaq ki, 3 yanvar tarixində ABŞ Venesuelaya zərbələr endirib. Paytaxt Karakasda və Fort-Tiuna hərbi bazasında partlayışlar qeydə alınıb. ABŞ prezidenti Donald Tramp əməliyyatın uğurlu olduğunu bildirib və Amerika hərbçilərinin Nikolas Maduronu və onun həyat yoldaşını ələ keçirdiyini açıqlayıb. Tramp vurğulayıb ki, Maduro artıq prezident deyil və hakimiyyətin ötürülməsinə qədər Venesuelanın idarəçiliyini ABŞ öz üzərinə götürür.
Ayaz