ÖZ XƏBƏR

Yalnızlıq qorxusu haradan yaranır? - ARAŞDIRMA

Müasir cəmiyyətdə “yalnız qalmaq” anlayışı çox vaxt mənfi çalarlarla qəbul olunur. İnsanlar tək qalmağı depressiya, sosial təcrid və psixoloji boşluqla əlaqələndirir. Sosial şəbəkələrin aktivliyi, daimi ünsiyyət tələbi və “hər an kimsə ilə əlaqədə olmalısan” düşüncəsi bu qorxunu daha da gücləndirir. Nəticədə bir çox insan tək qalmaqdan çəkinir, hətta bundan qaçmaq üçün özünə uyğun olmayan münasibətlərə və ya sosial mühitlərə daxil olur.

Psixoloqlar bildirir ki, yalnız qalmaq qorxusu əslində insanın öz daxili dünyası ilə üz-üzə qalmaqdan çəkinməsi ilə bağlıdır. Sükut, tənha anlar düşüncələri üzə çıxarır və bu, hər kəs üçün rahat olmur. Lakin məsələ ondadır ki, tək qalmaq hər zaman təhlükəli deyil. Əksinə, düzgün və şüurlu şəkildə yaşandıqda, yalnızlıq insanın psixoloji sağlamlığı üçün faydalı ola bilər.

Tək qalmaq təhlükəlidirmi?

Yalnızlıq təhlükəli hala o zaman çevrilir ki, insan bunu məcburi şəkildə yaşayır və sosial əlaqələrdən tamamilə uzaqlaşır. Uzunmüddətli və istənməyən tənhalıq stressi artırır, özgüvəni azalda və emosional boşluq yarada bilər. Xüsusilə də insan özünü dəyərsiz hiss etməyə başlayırsa, bu vəziyyət psixoloji risklər yarada bilər.

Amma burada əsas məqam niyyətdir. İnsan özü tək qalmağı seçirsə və bu vaxtı dincəlmək, düşünmək, özünü tanımaq üçün istifadə edirsə, bu, təhlükə deyil, ehtiyacdır.

Tək qalmağın faydalı tərəfləri

Şüurlu şəkildə tək qalmaq insana özünü daha yaxşı anlamaq imkanı verir. Bu zaman insan başqalarının təsirindən kənar düşünür, qərarlarını yenidən gözdən keçirir və daxili balansını bərpa edir. Bir çox yaradıcı ideyalar, həyatla bağlı mühüm qərarlar məhz tək qaldığımız anlarda formalaşır.

Bundan əlavə, tək qalmağı bacaran insan emosional baxımdan daha güclü olur. O, münasibətlərə ehtiyacdan yox, seçimdən girir və bu da sağlam əlaqələrin qurulmasına şərait yaradır.

Psixoloq Nigar Məmmədova mövzu ilə bağlı 32gun.az-a bildirir ki, cəmiyyətdə yalnızlıq anlayışı yanlış təqdim olunur:

“İnsanlar çox vaxt yalnız qalmağı tərk edilmişliklə qarışdırır. Halbuki bu iki anlayış tamamilə fərqlidir. Şüurlu yalnızlıq insanın öz emosiyalarını tanıması, daxili ehtiyaclarını başa düşməsi üçün vacib mərhələdir. Əgər insan tək qaldıqda özünü dinləməyi, bu zamanı inkişaf üçün istifadə etməyi bacarırsa, bu, psixoloji baxımdan çox sağlam bir prosesdir.”

Ekspertin sözlərinə görə, problem tək qalmaqda deyil, tək qalmaqdan qorxmaqdadır. Bu qorxu çox vaxt keçmiş travmalar, tərk edilmə hissi və ya sosial təsdiqə həddindən artıq ehtiyacdan qaynaqlanır. Nigar Məmmədova qeyd edir ki, insan öz dəyərini yalnız başqalarının varlığı ilə ölçməməlidir:

“Öz-özü ilə qala bilməyən insan başqaları ilə də sağlam münasibət qura bilməz. Yalnızlığı idarə etməyi öyrənən şəxs həm psixoloji baxımdan möhkəmlənir, həm də cəmiyyət içində daha balanslı olur.”

 

Yalnız qalmaq nə avtomatik təhlükədir, nə də mütləq xilas yolu. Hər şey onun necə və nə məqsədlə yaşanmasından asılıdır. Əgər yalnızlıq qorxu, boşluq və ümidsizlik yaradırsa, bu zaman dəstək axtarmaq vacibdir. Amma tək qalmaq insanın özünü tanımasına, güclənməsinə və daxili harmoniyasını tapmasına xidmət edirsə, bu, həyatın ən dəyərli anlarından birinə çevrilə bilər.

Nilay

Oxşar Xəbərlər