DİGƏR ÖZ XƏBƏR

Adi su uşaqlarda ağız immunitetini cəmi bir saata gücləndirir – alimlərdən yeni araşdırma

 Kaliforniya Universitetinin (San-Fransisko) alimləri müəyyən ediblər ki, adi suyun bir stəkanının qəbulu ağız boşluğunun təbii müdafiə mexanizmlərini cəmi bir saat ərzində aktivləşdirə bilər.

32gun.az bildirir ki araşdırmanın nəticələri Frontiers in Oral Health jurnalında dərc olunub.

Təcrübədə 5–10 yaş arası 105 uşaq iştirak edib. Onlar profilaktik diş müayinəsindən keçiblər və daha sonra üç qrupa bölünüblər:

  • birinci qrup 500 ml adi su,
  • ikinci qrup 200 ml alma şirəsi qəbul edib,
  • üçüncü qrup isə nə içki qəbul edib, nə də su.

Təxminən 45–60 dəqiqə sonra alimlər uşaqlardan yenidən tüpürcək nümunələri götürərək yeddi əsas göstərici üzrə analiz aparıblar.

Məlum olub ki, su içən uşaqlarda tüpürcəyi daha az turşulu olub və diş minasını zədələyən fermentlərin səviyyəsi azalıb. Bununla yanaşı, onların ağız boşluğunda yerli immunitet üçün vacib olan müdafiə zülalları və immunoqlobulinlərin miqdarı artıb.

Alma şirəsi içən və ya heç bir maye qəbul etməyən uşaqlarda isə bu cür müsbət dəyişiklik müşahidə olunmayıb.

Alimlərin izahına görə, su tüpürcəyin pH balansını normallaşdırır, ağızın müdafiə sistemlərinin fəaliyyətini bərpa edir və osmoliyarlığı azaldır. Osmoliyarlıq — tüpürcəkdəki həll olmuş maddələrin (duzlar, şəkərlər, zülallar və s.) konsentrasiyasını göstərən göstəricidir.

Mütəxəssislər hesab edirlər ki, şirin içkilərin su ilə əvəz edilməsi uşaqlarda kariyes və diş əti iltihabının qarşısını almaq üçün sadə və təsirli üsul ola bilər.

Ayaz 

Oxşar Xəbərlər