DİGƏR ÖZ XƏBƏR

Fiziki zəiflik demensiyanın erkən xəbərçisi ola bilər – alimlərdən yeni araşdırma

Fiziki gücsüzlük gələcəkdə baş verə biləcək kognitiv geriləmənin erkən və etibarlı göstəricisi ola bilər. Bu qənaətə Böyük Britaniyada 50 yaşdan yuxarı təxminən 6 min nəfərin məlumatlarını təhlil edən alimlər gəliblər. Araşdırma göstərib ki, əzələləri daha zəif olan insanlar sonrakı illərdə demensiya ilə xeyli daha tez-tez üzləşirlər.

32gun.az bildirir ki, Tədqiqat Journal of Psychiatric Research (JPR) jurnalında dərc olunub.
Tədqiqat Vey Cin (Sinxsianq Tibb Universiteti) rəhbərliyi ilə aparılıb və İngiltərənin Uzunmüddətli Yaşlanma Araşdırmasının (ELSA) məlumatlarına əsaslanıb. İştirakçılar orta hesabla 9 il müşahidə edilib. Bu müddət ərzində 197 nəfərdə — yəni iştirakçıların təxminən 3,3 faizində demensiya diaqnozu qoyulub.
Əvvəlki bir çox araşdırmadan fərqli olaraq, alimlər bədən quruluşundakı fərqləri də nəzərə alıblar. Əlin sıxma gücü dinamometr vasitəsilə ölçülüb və nəticələr bədən kütlə indeksi və çəkiyə uyğunlaşdırılıb. Ayaq əzələlərinin vəziyyəti isə iştirakçıların əllərindən istifadə etmədən beş dəfə ardıcıl olaraq stuldan qalxma sürətinə əsasən qiymətləndirilib.
Nəticələr göstərib ki, ən zəif əl sıxma gücünə malik şəxslərdə demensiya riski ən güclü şəxslərlə müqayisədə təxminən üç dəfə yüksək olub. Ayaq əzələləri ilə bağlı da oxşar mənzərə müşahidə edilib: stuldan ən ləng qalxan insanlar demensiya ilə 2,7 dəfə daha çox qarşılaşıblar. Bu əlaqələr yaş, cins, bədən çəkisi və digər amillər nəzərə alındıqdan sonra da dəyişməyib və həm kişilər, həm də qadınlar üçün eyni olub.
Gizli, hələ diaqnoz qoyulmamış demensiyanın təsirini istisna etmək üçün alimlər müşahidənin ilk iki ilində diaqnoz alan şəxsləri analizdən çıxarıblar. Buna baxmayaraq, nəticələr demək olar ki, dəyişməyib.
Tədqiqat müəllifləri bu əlaqəni izah edən bir neçə mümkün mexanizm irəli sürürlər. Əzələ zəifliyi beynin ağ maddəsinin — yəni onun müxtəlif hissələrini birləşdirən “kabel şəbəkəsinin” zədələnməsini əks etdirə bilər. Digər ehtimal xroniki iltihabdır ki, bu proses həm əzələ toxumasının, həm də sinir hüceyrələrinin sürətlə sıradan çıxmasına səbəb olur. Alimlər vurğulayırlar ki, hərəkət və idrak funksiyaları sinir sistemi səviyyəsində bir-biri ilə sıx bağlıdır.

Ayaz 

Oxşar Xəbərlər