Türkiyədə aparılan tədqiqat: böyük sinə ölçüsünə və ailəli olmağa malik qadınlarda özünəinam daha yüksəkdir
Türkiyənin Sivas Numunə Xəstəxanasının mütəxəssisləri maraqlı nəticəyə gəliblər: böyük sinə ölçüsünə malik və ailəli qadınlar, adətən, daha yüksək özünəinam səviyyəsinə sahib olurlar. Bununla belə, alimlər qeyd ediblər ki, sinə ölçüsü ilə ümumi bədən qavrayışı arasındakı əlaqə zəifdir — yəni fiziki xüsusiyyətlər psixoloji rifaha təsir göstərə bilər, lakin onu tam müəyyən etmir.
32gun.az bildirir ki, tədqiqat The Journal of Turkish Family Physician (JTFP) jurnalında dərc olunub.
Araşdırma qrupunun rəhbəri, Dr. Yasemin Alagez, bildirib ki, sinə qadınlar üçün təkcə bioloji deyil, həm də simvolik məna daşıyır — qadınlıq, cəlbedicilik, analıq və seksuallıqla əlaqələndirilir. Sinə formasında və həcminin dəyişməsi yaşla, doğuşdan və südvermədən sonra, həmçinin hormonal dəyişikliklər və xəstəliklərlə bağlı təbii prosesdir.
“Sinə gözəllik idealında mühüm yer tutur, amma onun psixoloji mənası az öyrənilib. Biz bu boşluğu doldurmaq və sağlam qadınlarda sinə ölçüsünün özünəinam və bədən imici ilə necə əlaqəli olduğunu obyektiv şəkildə qiymətləndirmək istədik,” — deyə Alagez bildirib.
Tədqiqatda 18 yaşdan yuxarı 343 qadın iştirak edib. Onlar fiziki cəhətdən sağlam olublar və sinə əməliyyatı keçirməyiblər. Alimlər qadınların boyunu, çəkisini və bədən kütlə indeksini ölçüblər, sinə həcmini isə Grossman–Raudner diski ilə müəyyən ediblər. Daha sonra iştirakçılar Rozenberq özünəinam testi və bədən qavrayışı anketini cavablandırıblar. Orta yaş 41 olub, əksəriyyəti evli və uşaqlı qadınlardır. Qadınlar üç qrupa bölünüb:
- kiçik sinə (275 sm³-dək),
- orta (275–375 sm³),
- böyük (375 sm³-dən çox).
Nəticələr göstərib ki, böyük sinə ölçüsünə malik qadınlar, orta ölçülü qadınlara nisbətən daha yüksək özünəinam nümayiş etdiriblər. Kiçik və orta ölçülü qruplar arasında ciddi fərq aşkarlanmayıb. Tədqiqatçılar bunu mədəni assosiasiyalarla izah edirlər — bir çox cəmiyyətlərdə iri sinə qadınlıq, cazibədarlıq və hətta analıqla daha çox əlaqələndirilir.
Bununla yanaşı, alimlər vurğulayıblar ki, sinə ölçüsünün təsiri məhduddur — özünəinam çoxsaylı fərdi, sosial və mədəni amillərin təsiri ilə formalaşır. Qeyd edilib ki, evli qadınların özünəinam səviyyəsi subay qadınlardan daha yüksək olub, baxmayaraq ki, bədən qavrayışında ciddi fərq müşahidə edilməyib.
Tədqiqatçılar gələcəkdə müxtəlif ölkələrdə və mədəniyyətlərdə qadınların bədən və sinə qavrayışını müqayisə edərək, gözəllik və qadınlıq ideallarının psixoloji rifaha necə təsir etdiyini araşdırmağı planlaşdırırlar.
Nilay