Çexiyalı tədqiqatçılar müəyyən ediblər ki, gündəlik həyatda itaətkarlığa meylli insanlar romantik münasibətlərdə də eyni davranış modelini qoruyurlar.
32gun.az bildirir ki, Araşdırmanın nəticələri Deviant Behavior (DB) jurnalında dərc olunub.
Alimlər insanın cəmiyyətdəki davranışı ilə hakimiyyət və ya itaətkarlıq rollarından aldığı cinsi həyəcan arasındakı əlaqəni öyrəniblər. Daha əvvəl məlum idi ki, dominant və ya itaətkar şəxsiyyət xüsusiyyətləri tez-tez cinsi meyillərlə üst-üstə düşür, lakin bu iyerarxiyanın gündəlik həyata keçib-keçmədiyi aydın deyildi.
Tədqiqatda BDSM təcrübəsinə malik 421 nəfər – həm kişi, həm də qadın iştirak edib. Onlar təhsil səviyyəsi, gəlir, yaş, eləcə də münasibətlərdə və cinsi əlaqə zamanı iyerarxiya hissi barədə suallara cavab veriblər. Həmçinin insanların ünsiyyətdə itaətə meylliliyini ölçən Life Scale testi tətbiq olunub.
Nəticələr göstərib ki, respondentlərin təxminən yarısı cinsi münasibətlərdəki sosial rollarını gündəlik həyatda da qoruyur. Dominant davranışdan zövq alanların 55 faizi, adi həyatda da özlərini partnyorundan üstün hesab etdiklərini bildirib. İtaətkar rolu seçənlərin 46 faizi isə gündəlik münasibətlərdə də asılı mövqedə olduqlarını etiraf edib.
Ən güclü əlaqə aşağı sosial-iqtisadi statusa və təhsilə malik şəxslər arasında müşahidə olunub – yəni, cəmiyyətdəki mövqeyi aşağı olan insanların münasibətlərdə itaətkarlıq səviyyəsi daha yüksəkdir. Tədqiqatda gender fərqi aşkarlanmayıb — həm kişilər, həm də qadınlar oxşar meyllər göstəriblər.
Müəlliflərin fikrincə, nəticələr “sosial rütbə hipotezini” təsdiqləyir: insanın dominantlıq və ya itaətkarlıq davranışı həyatın bütün sahələrində sabit qalır. Bu isə o deməkdir ki, seksual rollar sosial vəziyyətin kompensasiyası deyil, onun əksidir.
Nilay