Beynəlxalq alimlər qrupu iki illik məlumat ekvivalentini təhlil edərək (detektordakı kubik kristalların kütləsi bir tona bərabər olsaydı), neytrinosuz ikiqat beta parçalanmasının mümkünlüyü ilə bağlı yeni nəticələr əldə edib. Araşdırma göstərir ki, əgər bu proses həqiqətən baş verirsə, onun tezliyi 50 septilyon ildə bir dəfədən artıq olmur — yəni trilyon trilyon ildə cəmi bir dəfə.
32gun.az bildirir ki, tədqiqatın nəticələri Science jurnalında dərc olunub.
Mərkəzi İtaliyada, Qran-Sasso dağının dərinliklərində alimlər müasir fizikanın ən sirli eksperimentlərindən birini davam etdirirlər. CUORE (Cryogenic Underground Observatory for Rare Events) layihəsinin məqsədi son dərəcə nadir nüvə hadisəsi — neytrinosuz ikiqat beta parçalanmasını aşkarlamaqdır. Bu prosesin sübut edilməsi maddənin quruluşu haqqında fundamental təsəvvürləri dəyişə bilər.
Adətən ikiqat beta parçalanması zamanı iki neytron iki protona çevrilir və bu zaman iki elektron və iki antineytrino ayrılır. Lakin əgər proses antineytrino buraxılmadan baş verirsə, bu o deməkdir ki, neytrino və antineytrino eyni hissəciyə çevrilir. Belə hissəciklər “Mayoarana hissəcikləri” adlanır.
Təcrübə xüsusi təmiz şəraitdə aparılır: detektor təxminən bir kilometr dağ qayası altında yerləşdirilib və iki min il əvvəl batmış qədim Roma gəmisindən alınmış qurğuşunla radiasiyadan qorunub.
Bununla belə, hətta bu şəraitdə də səs, seysmik dalğalar və İtaliya sahillərindəki dalğaların törətdiyi titrəyişlər kimi fon təsirləri müşahidələrə mane olur. Buna görə alimlər səsboğucu qulaqlıq prinsipinə bənzər, lakin laboratoriya miqyasında tətbiq olunan xüsusi “şum azaltma” alqoritmi hazırlayıblar.
Yel Universitetinin professoru Reyna Maruyamanın sözlərinə görə, tədqiqatçılar xarici vibrasiyaları dəqiq ölçmək və onları məlumatdan riyazi olaraq çıxmaq üçün yeni üsul yaradıb. Laboratoriyada temperatura, səsə, vibrasiyalara və elektromaqnit fonuna nəzarət edən onlarla sensor quraşdırılıb.
Yel Universitetinin digər alimi Karsten Higgens bildirib ki, neytrinosuz ikiqat beta parçalanmasının aşkarlanması neytrinonun Mayoarana hissəciyi olduğunu birbaşa sübut edəcək:
“Bu, niyə kainatda maddənin antimaddədən daha çox olduğunu izah edə və Standart Modeldən kənar fizikanın ilk eksperimental sübutu ola bilər.”
Alimlər qeyd edirlər ki, hətta CUORE layihəsi ərzində proses müşahidə olunmasa belə, hər yeni ölçmə neytrinonun təbiətinin sirrini açmağa bir addım daha yaxınlaşdırır.
Nilay