Turistlər səfərlərdə adi istirahətlə kifayətlənmir, fərqli və qeyri-adi təcrübələr axtarırlar.
32gun.az bildirir ki, ekspert Tatyana Jdanova “Gazeta.Ru”ya bildirib ki, bəzi müştərilər travell-konserj xidmətlərindən çox maraqlı və bəzən qəribə turlar sifariş edirlər — məsələn, Yaponiyadakı küçə tualetlərinə baxmaq, məşhurlarla tanış olmaq, balinaları izləmək və ya Hindistanın daxmalarında yaşamaq kimi.
Ekspertin sözlərinə görə, bəzi insanlar səfərlərə təkcə istirahət üçün yox, həm də qeyri-adi məqsədlərlə yollanır:
“Bir müştərimiz ‘İdeyal günlər’ filmini izlədikdən sonra oradakı tokio küçə tualetlərini tapmaq istədi. Film ona o qədər təsir etmişdi ki, bizdən xüsusi tur təşkil etməyimizi xahiş etdi”, — deyə Jdanova bildirib.
O qeyd edib ki, filmlər və kitablar çox vaxt insanları yeni səfərlərə ruhlandırır.
“Məsələn, bir xanım boşandıqdan sonra ‘Ye, dua et, sev’ kitabındakı qəhrəmanın yolunu təkrarlamaq istədi. Biz onun üçün İtaliya, Hindistan və İndoneziyaya üç mərhələli tur təşkil etdik. Neapolda qəhrəmanın filmindəki eyni pizzaxanaya apardıq, Balidə isə ona fotosessiya və yerli rus icması ilə tanışlıq təşkil etdik.”
Tatyana Jdanova onu da əlavə edib ki, bəzi turistlər üçün film səhnələrini görmək kifayət etmir — onlar həmin filmlərdəki otellərdə qalmaq istəyirlər.
“Məsələn, ‘Ağ Lotus’ serialının üçüncü mövsümünə heyran olan müştərilər Four Seasons Koh Samui otelində qalmaq istədilər. Biz onlar üçün eyni yerdə istirahət və serialdakı məkanlara xüsusi bələdçi ilə tur təşkil etdik.”
Ekspertin sözlərinə görə, təcrübəli səyahətçilər artıq klassik lüksdən beziblər və yeni hisslər arayırlar.
“Bir müştərimizə Çinə səfər təklif etdik — yalnız qədim çay ustası ilə fərdi mərasimdə iştirak etmək üçün. Usta ailəsinin XVII əsrdən qoruduğu nadir çay növlərini təqdim edirdi.”
Bəzi turistlər isə tam əksinə, imkanlardan uzaq, real yoxsulluğu hiss etmək istəyirlər.
“Bir müştəri Hindistanın Mumbay şəhərindəki Dharavi daxmalarında yaşamaq arzusunda idi. Onun üçün xüsusi tur təşkil etdik — yerli sənətkarlıq emalatxanalarına, məktəblərə, sosial layihələrə səfər və yerli sakinlərlə ünsiyyət. Hətta o, bir gecə daxmalarda qalmaq istədi. Biz təhlükəsizliyi təmin etdik və təcrübəli bələdçiləri onunla göndərdik. Maraqlısı odur ki, ‘yoxsulluqla tanışlıq turu’ müştəriyə xeyli bahalı başa gəldi,” — deyə Jdanova qeyd edib.
Nilay