Alimlər ilk dəfə olaraq beyindəki gizli siqnalları dinləyiblər
Neyrobioloqlar sinir hüceyrələrinin ilk dəfə olaraq çıxan deyil, daxil olan siqnallarını qeydə almağa imkan verən yeni zülal hazırlayıblar. Söhbət neyronların məlumat mübadiləsi zamanı istifadə etdiyi ən zəif kimyəvi “mesajlar”dan — yaddaş, öyrənmə və emosiyalarda əsas rol oynayan qlutamatın ifrazından gedir.
32gun.az bildirir ki, Tədqiqatın nəticələri Nature Methods jurnalında dərc olunub.
Alimlər yeni nəsil molekulyar sensor — iGluSnFR4 adlı zülal yaradıblar. Bu sensor sinapslarda qlutamatın minimal konsentrasiyalarını real vaxt rejimində aşkar edə bilir.
İndiyədək neyroelm əsasən neyronların “çıxış”ını — yəni hüceyrələrin ötürdüyü elektrik impulslarını müşahidə edirdi. Halbuki neyronun aktivləşib-aktivləşməməsi minlərlə digər hüceyrədən gələn daxil olan siqnallardan asılıdır. Bu siqnallar kimyəvi xarakter daşıyır, son dərəcə sürətli və zəif olduğu üçün canlı beyin toxumasında birbaşa müşahidə olunması çətin idi. Araşdırmanın müəlliflərindən biri, Allen İnstitutunun tədqiqatçısı Kaspar Podqorski bildirib ki, alimlər indiyədək neyronların nə etdiyini görsələr də, onların hansı siqnalları qəbul etdiyini demək olar ki, bilmirdilər. Onun sözlərinə görə, yeni sensor sayəsində artıq neyronun aktivləşməsinə səbəb olan siqnalların ardıcıllığını və kombinasiyasını bərpa etmək mümkündür.
Qlutamat beynin əsas oyadıcı neyromediatorudur və onun ötürülməsindəki pozuntular Alzheimer xəstəliyi, epilepsiya, şizofreniya, autizm və bir sıra digər nevroloji və psixi pozuntularla əlaqələndirilir. Yeni sensor ayrı-ayrı sinapsların fəaliyyətini birbaşa izləməyə və normal və patoloji neyron şəbəkələrinin əsasını təşkil edən daxil olan siqnalları araşdırmağa imkan verir.
Tədqiqat müəllifləri vurğulayıblar ki, iGluSnFR4 həm də praktik imkanlar açır. Onun köməyi ilə eksperimental dərmanların beynin ümumi elektrik aktivliyinə deyil, real sinaptik proseslərə necə təsir etdiyini yoxlamaq mümkündür. Bu isə daha dəqiq təsir mexanizminə malik və daha az yan təsiri olan preparatların hazırlanmasını sürətləndirə bilər.
Nilay