Arizona Ştat Universitetinin (ASU) alimləri müəyyən ediblər ki, obezlik aşağı xolin səviyyəsi ilə birləşəndə beynin daha sürətli qocalması və erkən neyrodegenerasiya ilə əlaqəli ola bilər. 32gun.az bildirir ki, tədqiqatın nəticələri Aging and Disease (A&D) jurnalında dərc edilib.
Araşdırmada 15 obez gəncin sağlamlıq göstəriciləri normal çəkiyə malik 15 iştirakçı ilə müqayisə olunub. Obez şəxslərdə xolinin daha aşağı olduğu müəyyən edilib. Xolin vitaminəbənzər maddədir və funksiyalarına görə B qrup vitaminlərinə yaxın olduğu üçün “B4 vitamini” də adlandırılır. Sinir hüceyrələrində xolindən asetilxolin sintez olunur — bu maddə sinir impulslarının ötürülməsi üçün həyati əhəmiyyət daşıyır.
Eyni zamanda, obez olmayan iştirakçılarda neyron zədələnməsinin göstəricisi sayılan neyrofilamentin yüngül zülalının (NfL) səviyyəsi daha yüksək qeydə alınıb. Bənzər şəkildə, aşağı xolin və yüksək NfL kombinasiyası Alzheimer xəstəliyi və yüngül idrak pozuntuları olan yaşlı insanların beyin nümunələrində də aşkar edilib.
Tədqiqatçılar nəticələrin hələlik səbəb-nəticə əlaqəsini tam təsdiqləmədiyini, lakin obezlik, xolin çatışmazlığı və sürətlənmiş beyin qocalması arasında mümkün bioloji mexizmi göstərdiyini bildirirlər. Bu, obezliyin demensiya üçün risk faktoru sayılmasını və erkən yaşlardan etibarən kifayət qədər xolin qəbulunun vacibliyini izah etməyə kömək edir.
Alimlərin sözlərinə görə, orqanizm müəyyən miqdarda xolini özü sintez etsə də, sağlamlığı qorumaq üçün onun qida ilə qəbul edilməsi vacibdir. Yumurtalar, balıq, quş əti, paxlalılar və kələmkimilər B4 vitamini ilə xüsusilə zəngindir.