Alimlər bağırsaq iltihabi xəstəliklərinin ilkin mərhələsində mikrofloranın kəskin dəyişdiyini aşkar ediblər
Bağırsağın iltihabi xəstəlikləri (BİX) olan pasiyentlərdə xəstəliyin lap başlanğıc mərhələsində bağırsaq mikroflorasının tərkibində ciddi dəyişikliklər baş verir. Bu qənaətə 11 ölkədən 1,7 mindən çox uşaq və böyüyün məlumatlarını birləşdirən beynəlxalq alimlər qrupu gəlib.
32gun.az bildirir ki, Tədqiqatın nəticələri Gastroenterology jurnalında dərc olunub.
Alimlər ilk dəfə olaraq bir neçə müstəqil araşdırmadan əldə olunan “xam” mikrobiom məlumatlarını təhlil ediblər. Tədqiqat ilk dəfə diaqnoz qoyulmuş Kron xəstəliyi və xoralı koliti olan pasiyentləri, yəni hər hansı müalicəyə başlamazdan əvvəlki dövrü əhatə edib.
Analiz göstərib ki, xəstəliyin başlanğıcında bağırsaqda mürəkkəb karbohidratların həzmində iştirak edən və iltihabəleyhinə təsirə malik faydalı anaerob bakteriyaların miqdarı kəskin azalır. Eyni zamanda oksigenə davamlı bakteriyaların payı artır. Bu bakteriyaların bir qismi normalda ağız boşluğunda yaşayır və sonradan bağırsağa “köç edir”.
Araşdırmanın rəhbərlərindən biri, qastroenteroloq Piter Rimmer bildirib ki, bu cür dəyişikliklər əvvəllər yalnız ehtimal edilirdi, lakin məhz bu tədqiqat onları ilk dəfə olaraq aydın və beynəlxalq miqyasda nümayiş etdirib. Əldə olunan nəticələr “oksigen hipotezi”ni dəstəkləyir. Bu hipotezə görə, bağırsaq toxumalarında oksigen səviyyəsinin artması mikrobiotanın tarazlığını pozur və iltihabın inkişafına şərait yaradır. Alimlər həmçinin bağırsaqda adətən rast gəlinməyən Granulicatella və Haemophilus bakteriya cinslərinin aşkarlandığını qeyd ediblər ki, bunlar gələcəkdə yeni müalicə hədəflərinə çevrilə bilər.
Tədqiqat müəllifləri vurğulayıblar ki, mikrobiomdakı dəyişikliklər uşaqlar və böyüklər arasında, eləcə də müxtəlif regionlarda fərqlənir. Bu isə qlobal məlumat bazalarının və vahid analiz standartlarının vacibliyini göstərir. Alimlərin fikrincə, aşkarlanan qanunauyğunluqlar gələcəkdə BİX-in daha erkən diaqnostikasına və mikrobiomun korreksiyasına yönəlmiş, o cümlədən qeyri-dərman üsullarına əsaslanan yeni müalicə yanaşmalarının hazırlanmasına imkan yarada bilər.
Ayaz