ÖZ XƏBƏR

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 128 min manatın xərclənməsi dayndırıldı

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən tibbi avadanlıqların satın alınması məqsədilə keçirilən müsabiqə ləğv olunub.

32gun.az xəbər verir ki, satınalma proseduru 14 yanvar 2026-cı il tarixində saat 11:15-də nəzarət orqanının qərarı ilə dayandırılıb. Müsabiqə tamamlanmadan ləğv edilib. Satınalmanın ehtimal olunan ümumi dəyəri 128.266 manat təşkil edib.

Ləğv olunan satınalma çərçivəsində bir sıra tibbi avadanlıqların alınması nəzərdə tutulurdu. Siyahıya biomikroskop, elektron tərəzi, traksiya cihazı, ultrasəs müayinə aparatı, paketləmə–lehimləmə aparatları, eləcə də qastroskop və kolonoskop üçün dayaq dəsti daxil idi. Qeyd olunan avadanlıqların əksəriyyəti üçün MAF sənədinin tələb olunduğu da texniki şərtlərdə xüsusi vurğulanıb.

Satınalma sənədlərində göstərilir ki, ultrasəs müayinə aparatı, qastroskop və kolonoskop dəsti kimi yüksək texnoloji cihazlar müxtəlif tibbi sahələrdə — abdominal diaqnostika, ginekologiya, kardiologiya, reabilitasiya və digər istiqamətlərdə istifadə üçün nəzərdə tutulub.

Hazırda müsabiqənin hansı səbəblərdən nəzarət orqanı tərəfindən ləğv edildiyi ilə bağlı əlavə detallar açıqlanmayıb. Satınalmanın yenidən elan olunub-olunmayacağı isə hələlik məlum deyil.

Ayaz

Oxşar Xəbərlər